Fazil Mustafa: "Adamlar çörək istəyirlər" Milli Məclis, Slider

Fazil Mustafa: "Adamlar çörək istəyirlər"
Bu gün Milli Məclisin yaz sessiyasında növbədənkənar iclası keçirilib.

Müzakirələrdə çıxış edən Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa dedi ki, indiki dövrdə bir vicdan proqramına, insanların emossiyalara qapılmadan bu vəziyyətdən necə çıxmaqla bağlı addımlar atmasına ehtiyac var: “Cənab prezidentin son çıxışından sonra insanların inamı bərpa olunub. Amma ondan əvvəl hökumət üzvləri və Mərkəzi Bankın rəhbərliyinin dediklərinə ciddi əhəmiyyət verilmirdi. Çünki xalq onlara olan inamı itirib. Ona görə də bu iqtisadi blokun da yenilənməsinə ehtiyac var. Yəni böhrandan çıxış prosesini bu böhrana səbəb olmuş şəxslər həll edə bilməyəcəklər”.

F.Mustafa digər təkliflər də verdi: “İlk növbədə sərt inzibati tədbirlərə keçilməlidir, idxal və ixracdakı inhisarçılığa son qoyulmalıdır. 1993-95-ci illərdə mərhum Heydər Əliyev hakimiyyətə gələndə buna bənzər vəziyyət yaranmışdı. Prezident o zaman qapıları açdı, ölkənin qabiliyyətli insanlarına geniş imkanlar yarandı. Bu gün də açın qapıları və özünüz görəcəksiniz ki, vətəndaş öz təşəbbüsü ilə gedib İrandan, Rusiyadan lazım olan malları gətirəcək”.

Deputat dedi ki, statistik rəqəmləri də bir tərəfə qoymağın zamanıdır: “Vaxtilə Moskvaya hesabat vermək üçün rəqəmləri şişirdirdik. Bu gün kimi aldadırıq? Hər gün 300-500 nəfər işsiz qalır. Bunlar aclar ordusudur. Sabah onlar dövlətə qarşı qaldırıla bilər. Hamını içkili, ekstremist adlandıra bilmərik ki... Bu gün adamlar siyasi tələblərlə çıxış etmir, çörək istəyirlər. Ötən il 2,7 milyard vəsait xaricə çıxarılıb, ölkəyə qoyulan sərmayə olduqca aşağı düşüb. Fundamental köklü islahatların aparılmasını, bu islahatalara parlamentin qoşulmasını təklif edirəm. Prezidentin müşavirəsini gözləməyə ehtiyac yoxdur. Ayrı-ayrı komitələrdə müzakirələr keçirilməli, təkliflər verilməlidir. 5-10 adamın aldığı qərarla bu gün ölkənin düşdüyü vəziyyətin ağırlığını daşıyırıq. Bizi də söyürlər, bizə də deyirlər ki, xalqın problemləri ilə məşğul olmursunuz”.
Müəllif : Cavid