Azərbaycanın üç partiya sədri və millət vəkili prezidentə müraciət ünvanlayıb Milli Məclis, Slider

Azərbaycanın üç partiya sədri və millət vəkili prezidentə müraciət ünvanlayıb
Azərbaycanda üç partiya sədri və millət vəkili prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciət edənlərdən biri, Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa APA-ya deyib ki, onunla yanaşı, millət vəkilləri, BAXCP sədri Qüdrət Həsənquliyev və Ədalət Partiyasının sədri İlyas İsmayılov da bu müraciəti imzalayıblar. Müraciət Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi ilə bağlıdır.

Müraciət müəllifləri 1918-ci ilin 29-31 mart tarixlərində erməni-rus birliklərinin idarə etdiyi Bakı Kommunasının quldur dəstələrinin otuz mindən artıq dinc Azərbaycan türkünü vəhşicəsinə qətlə yetirdiyini xatırladıblar: “Bu quldurlar Bakıda, Qubada, Şamaxıda, Muğanda məhz etnik əlamətə görə, bütün türk əhalini öldürməklə yanaşı, Qubada yaşayan yəhudiləri də məhv ediblər. Heydər Əliyev haqlı olaraq bu hadisənin soyqırım kimi tanınması barədə Fərman imzalamış və bu Fərmana müvafiq olaraq Azərbaycan xalqı bu günü matəm tarixi kimi qeyd etməkdədir”.

Müraciətdə daha sonra hadisədən iki ay keçməmiş Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Azərbaycan türklərini xilas etmək üçün gəlməsi, Bakı Kommunasının hərbi birləşmələrini darmadağın edərək sentyabr ayının 15-də Bakını işğaldan azad etdiyi vurğulanıb: “Məhz bu hadisədən üç gün sonra - 18 sentyabrda Bakı şəhəri Azərbaycanın paytaxtı elan olunmuş və milli hökumətimiz Gəncədən Bakıya köçmüşdür. Məlumdur ki, Azərbaycanın azadlığı uğrunda savaşda yüzlərlə türk əsgəri Azərbaycan türkləri ilə birlikdə şəhid olmuşdur. Sonradan 1918-ci ilin oktyabr ayında Nuru Paşa öz azsaylı birlikləri ilə Qarabağa gedərək, orada erməni silahlılarını da məğlub etmiş və Qarabağda Azərbaycan Milli hökumətinin nəzarətini əsasən bərpa etmişdir”.

Daha sonra ölkə başçısının tarixi keçmişimizə həssas yanaşdığı, azadlığımız və müstəqilliyimiz üçün canını fəda etmiş insanlara dəyər verdiyi vurğulanıb: “Bunu nəzərə alaraq, istiqlal tariximizdə müstəsna xidməti olan böyük türk sərkərdəsi Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi üçün atılacaq müvafiq addımlar zamanı bəzi təkliflərimizin diqqətə alınacağına ümid edir, dövlətimizin rifahı üçün çalışmalarınızda uğurlar diləyirik”.

Partiya sədrləri 15 sentyabr-Bakının işğaldan azad edilməsi tarixinin rəsmi bayram günü olaraq qeyd olunması, paytaxtın Binəqədi rayonu ərazisində prezidentin sərəncamı ilə inşası nəzərdə tutulan məscid kompleksinə, hərbi məktəblərdən birinə Nuru Paşanın adının verilməsi təklifi ilə çıxış ediblər. Onların təklifləri sırasında Ali hərbi təhsil müəssisələrində əlaçı kursantlara Nuru Paşa adına təqaüdünün verilməsi, Azərbaycanın bütün şəhərlərində küçə, prospekt, park və meydanlardan birinə Nuru Paşanın adının verilməsi, Nuru Paşanın qəhrəmanlığı və Qafqaz İslam Ordusunun Azərbaycanı xilası barədə faktların bütün orta və ali təhsil müəssisələrində tədris olunan tarix və ədəbiyyat dərsliklərinə salınması, əhatəli şəkildə şagirdlərə və tələbələrə çatdırılması da var.
Müəllif : Cavid