Fazil Mustafa: “Kitabxanamdan kiməsə pay verəndə narahat oluram” Kitablar

Fazil Mustafa: “Kitabxanamdan kiməsə pay verəndə narahat oluram”
"Tanınmışlar kitabxanası" layihəsinin budəfəki qonağı Fazil Mustafadır. Millət vəkili ilə danışdığımız kimi sədri olduğu partiyada görüşdük. Tanınmış qonağımız deyir ki, kitab oxumadığı gün demək olar ki, yoxdur.

İllərin vərdişi ilə mütaliə etdiyi kitablar haqqında danışan deputat səfərə çıxanda ilk işinin kitab almaq olduğunu deyir. Elə buna görə də dəqiq sayını bilmir: "Dəqiq rəqəm deyə bilmərəm, amma onu bilirəm ki, sayı 10 mindən çoxdur. Bu kitabları bir neçə kitabxanada, yazıldığı sahələrə görə bölmüşəm. Hüquq ədəbiyyatı parlamentdəki kitabxanadadır. Siyasi və partiya tarixinə aid olanları burda qərargahda, bədii ədəbiyyat kitablarını bağ evində, qalan kitablar isə qaldığım mənzildədir. Bu bölgünü ona görə aparmışam ki, kitabların hamısını bir arada tutmaq bir az çətindir. Hər bir ədəbiyyatı oxuduğum yerdə saxlayıram ki, əlçatan olsun. Oxumaq istədiyim kitab yanımda olsun".

Söhbət əsnasında deputatın maraqlı hobbisini də öyrəndik: "İnsanlar var ki, darıxanda bara gedir, restorana gedir və ya digər əyləncə vasitələrinə müraciət edir. Mən isə sıxılanda 2 şeyi çox sevirəm. Birincisi, kitab rəflərimi töküb yığmaqdır. Kitabların yanında sıxılmıram. Mənimçün dincəlməyin ən yaxşı vasitəsi kitablardır. İkinci isə futboldur. Boş vaxtlarımda çalışıram ki, futbola da vaxt ayırım. Elə bu oyun da uşaqlıqdan əyləncə dünyamın içindədir".

Deputat deyir ki, kitabxanası rəngarəngdir. Fəlsəfi, sosioloji, dini, tarixi, bədii ədəbiyyat üstünlük təşkil edir. Ancaq digər mövzularda da ədəbiyyata rast gəlmək olar: "Din ədəbiyyatdan Əli Şəriətinin bütün nəşr olunan kitablarını almışam. Məlumat üçün deyim ki, Əli Şəriəti, İran İslam tarixində liberal İslam düşüncəsinin tərəfdarı olan və özündən ortaya yeni düşüncə konsepsiyası qoyub gedən bir düşüncə adamı idi. Sosioloji və fəlsəfi mövzuda olan kitablarımı daha çox Türkiyə və Rusiyadan almışam. Hər 2 ölkədə kitabları olduqca nəfis tərtib edirlər. Təəssüflər olsun ki, bizdə bu cür tərtibatlar olduqca azdır".

Millət vəkilinin kitabxanasında nadir nüsxələr də var. Dediyinə görə, bunlar uzun illər öncə çap olunmuş kitablardır:
"Bu kitabları xarici ölkələrdən gətirmişəm. Misal olaraq deyim ki, Burtonun 1911-ci ildə çap olunan kitabı nadir sayılacaq bir kitabdır. Sonra 1859-cu ildə Rusiyada çar fərmanı ilə çap olunan "Müsəlman qanunlarının şərhi" kitabı da çətin tapılan kitabdır".

Söhbət əsnasında öyrəndik ki, deputat bir çox kitabları bağ evində yeşiklərə yığıb və onları daha oxumayacaq: "Əkrəm Əylislini, Rəsul Rzanı, Məmməd Səid Ordubadini, Anarı və başqalarının sovet dövründə yazdıqlarını bir daha oxuyacağımı düşünmürəm. Bilirsiz, bəzən elə düşünürlər ki, bu yazarlar Azərbaycan ədəbiyyatına heç bir şey bəxş etməyiblər. Bu tamamilə absurd fikirdir. Rəsul Rzanın ədəbiyyatımıza gətirdiyi yeniliklər bu gün də hiss olunur. Ancaq yeşiklərə qoyduğum kitabların vaxtı keçdiyini düşünürəm, bu günlə səsləşməyən, ayaqlaşmayan əsərlərdir. Misal üçün "Şamo" romanı, "Budağın xatirələri" və s. bu kimi kitablarının dövrünü keçdiyini düşünürəm".

Söhbətimizin yekununda millət vəkili özünün müəllifi olduğu kitablardan hədiyyə edib bildirdi ki, kitab hədiyyə etməyi sevməsə də, aradabir qaydanı pozur: "Kitab hədiyyə etməyi sevmirəm. Kitabxanamdan kiməsə pay verəndə narahat oluram (gülür). Ancaq kitab hədiyyə almağı çox sevirəm".

"Həftəiçi" qəzeti, 30.07.13
Müəllif : Cavid