Fazil Mustafa: "Türkiyədə erkən seçki praqmatik bir qərardır" ---

Fazil Mustafa: "Türkiyədə erkən seçki praqmatik bir qərardır"
Millət vəkili Fazil Mustafa Moderator.az-a açıqlamasında Türkiyənin erkən seçkilərə getməsi haqqında Ərdoğanın vermiş olduğu gözlənilməz qərarı şərh edib:

"Türkiyədə erkən seçkilərin keçirilməsi qərarı hər an alına bilərdi. Bu, ilk növbədə taktiki zamanlama məsələsidir. Hazırda Afrində aparılan əməliyyatlardan sonra Ərdoğan hakimiyyətinin reytinqi qənaətbəxş səviyyədə idi və yaxın gələcəkdə iqtisadi vəziyyətin daha da pisləşməsi ehtimalı artırdı. Son günlər türk lirəsinin dəyər itirməsi bunun bariz göstəricisi sayıla bilər. Bu səbəbdən AKP iqtidarı siyasi-hərbi uğurun kölgəsində sosial-iqtisadi narazılığın təsir gücünü azaltmağı düşünərək erkən seçki qərarı almış oldu. Bu ərəfədə iqtidar uğur qazanmaq şansını Suriya böhranının istənilən an yarada biləcəyi qeyri-müəyyənliyə təslim etmədən seçkiyə getməyə qərar verdi. Əsasən onu nəzərə aldılar ki, bu gün Türkiyədə Ərdoğana alternativ gücdə namizəd tapmaq çətindir, bir il ərzində hansısa uğursuzluğa görə belə bir namizəd ortaya çıxarmaq mümkün ola bilər. Bu seçkilərin təyin olunmasını qətiyyən beynəlxalq vəziyyətlə əlaqələndirmirəm, daxili faktorların ölçü-biçisindən sonra qəbul olunan praqmatik bir qərardır".
Müəllif : Cavid