Millət vəkilindən teleaparıcıya dəstək ---

Millət vəkilindən teleaparıcıya dəstək
"Azərbaycan insanı bundan xoşbəxtlik duyursa, çoxluq da bunun həsrətin çəkirsə, niyə qadağan olunsun? Homoseksuallar və başqaları gündə efirə çıxır. Cəmiyyət əgər şpaqat açmağı qəbul etmirsə, onda bu insanlar da gərək efirə çıxmasınlar".

Bu fikriləri Aktual.az-a millət vəkili Fazil Mustafa aparıcı Mətanət Əliverdiyevanın canlı yayımda şpaqat açmasının geniş müzakirə mövzusuna çevriləməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, kiminsə xoşuna gəlib aparıcının bu hərəkətinə baxırsa, bunu qadağan, ya da doğru olmadığını iddia edən mövqe tutmaq düzgün deyil: "Minlərlə insan oturub ancaq o səhnələri gözləyir. Etika elə cəmiyyətin özünə lazımdır. Bu, şou proqramdır. Burada da cəmiyyətin səviyyəsinə görə onun üzvlərini əyləndirmək nəzərdə tutulur. Başqa formada ya başqa ləhcədə danışmalısan, ya da bayağı bir hərəkət etməlisən ki, insanlar gülsün. Əslində, aparıcının əynində şalvar olub şpaqat açsaydı, elə bir problem olmazdı. Səhnədə içki içməyib, siqaret çəkməyib, narkotikanı təbliğ etməyib ki, onu qınayaq. Bir idman hərəkətini göstərib. Efirdə yüzlərlə elə hərəkətlər edən şou adamları var. Bunu şişirtmək, xüsusi bir qeyri-adi hadisəyə çevirmək düzgün deyil. Verilişə baxmamışam. Amma eşitmişəm ki, sosial şəbəkələrdə bunun müzakirəsi gedib. Çox mənasız müzakirələrdir. Kimsə insanları belə bayağı yolla güldürürsə, bu onun hüququdur. O zaman səhnədə mini geyinən hər kəsi qeyri-etik adlandıraq? Onda gərək bütün müğənnilərə xüsusi bir libas geyindirək efirə çıxardaq. Bunlar mənasız bir çəkişmələrdir. Kim istəmirsə, baxmasın. Orada hər hansı bir söyüş söyülməyib, kimsə təhqir olunmayıb ki, cəmiyyət üçün pis hal kimi qəbul olunsun. Adam özünü bu cür nümayiş etdirib. Kiminsə xoşuna gəlib ona baxırsa, bunu qadağan, ya da doğru olmadığını iddia edən mövqe tutmaq düzgün deyil".

Millət vəkilinin fikrincə, verilişdə bayağılıqla yanaşı, yaxşı elementlər də var: "Elə şou verilişləri var ki, orada insanlara fayda verəcək məsələlər müzakirə olunur. Şpaqat açmağın özü yaxşı bir haldır ki, insanları idmanla məşğul olmağa dəvət edir. Bu məqsədlə edibsə, normaldır, etməyibsə belə, şoudur. Kimisə güldürübsə, kimsə bu bayağılığı xoşlayırsa, ona mane olmaq olmaz. Fikri verirsinizsə, aparıcı şpaqat açan zaman zalda olan insanların hamısı əl çalırdı, sevinirdi, gülürdü. Azərbaycan insanı bundan xoşbəxtlik duyursa, çoxluq da bunun həsrətin çəkirsə, niyə qadağan olunsun. Homoseksuallar və başqaları gündə efirə çıxır. Cəmiyyət əgər şpaqat açmağı qəbul etmirsə, onda bu insanlar da gərək efirə çıxmasınlar. Əxlaqi dəyərləri olmayan, çılpaq fotoları yayılan bir müğənni cəmiyyətdə rahat gəzir, adamlar onu toyuna çağırırlar, qohumlarının içində onun əlindən öpürlər. Deməli, cəmiyyət bunu qəbul edir ki, həmin adam nüfuz sahibidir. Bizim etirazımız bunun doğru olmadığını söyləməkdir. Onları qınamaq yanlışdır. Çünki onlar cəmiyyətin çoxluğunun istəyinə görə hərəkət edirlər. Şit hərəkətə hamı gülür, amma mənalı bir yumor göstərilsə, hamı fikirləşəcək ki, görəsən, burda nə deyirlər?.. Belə bir cəmiyyətlə böyük bir materiyadan danışmaq, nəyisə tələb etmək doğru deyil. Ümumi bayağılıq həyat tərzimiz olduğuna görə, bu cür adamları da qınamaq olmaz. Heç olmasa aparıcı belə hərəkətlərlə insanları 1-2 saat tv-ə bağlayıb başqa pis işlər görməkdən çəkindirir".
Müəllif : Nesib