TƏBRİK ---

TƏBRİK
Ramazan ayının gözəlliyini, fəzilətini yaşamanın son gününə qədəm qoyduq. İnşəAllah sabah, bayramı bu gözəlliyi yaşamış bütün insanlarla bir məkanda olmasa da, eyni ruhani aurada qeyd edəcəyik. Bunu layiqincə qeyd etmə imkanı olmayan müsəlman qardaşlarımızın da zülmdən qurtulması üçün dualarımızı edəcəyik. Müsəlman deyilincə, adətən və yanlış olaraq müəyyən bir sosio-mədəni tarixi mənsubiyyəti olan və müəyyən coğrafiyada yaşayan insan kütlələri başa düşülür. Qurana görə isə bir insanın Müsəlmanlığı sözüylə, sosial və ya tarixi mənsubiyyəti ilə deyil, ancaq inanaraq yaxşı və gözəl işlər görməsi, saleh əməl sahibi olması ilə müəyyənləşir. Bu səbəbdən də fikrimizcə, Ramazan Bayramında bu cür Bayram təbrikləri mücərrəd formada xalqa deyil, birbaşa inanaraq xeyirli işlər görənlərə, saleh əməl sahiblərinə yönəlməlidir. Çünki bir xalqın dəyəri və keyfiyyəti saleh əməl sahibi olan fərdlərinin çoxluğu və ya təsir gücü ilə qiymətləndirilir. İslama ayələrin eniş sırası ilə Rəbbin adına Oxu/Öyrənlə başlayıb ardınca Qələmə sarılanlar çox olsaydı, İslam bugünki mənzərəsindən müsbət mənada çox-çox fərqli mövqelərdə olardı. O zaman insanlar özlərinin qavradıqları şəkildə İslam Tarixinin intriqalarını deyil, Uca Allahın istədiyi şəkildə İslamın özünü yaşayardılar. İbadət şəklindən, millətindən, dinindən, məzhəbindən, sosial statusundan, irqindən, cinsindən asılı olmayaraq ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan bütün xeyirli, faydalı, ərdəmli insanların Ramazan bayramı kutlu olsun!
Müəllif : Cavid